Əsas səhifə

İstənilən dövlətdə uşaq və gənclərin təhsil sistemi həmin dövlətin inkişafına zəmanətdir. Bəşəriyyətin tarixi boyu təhsil sistemi, təlim metodikaları və öyrətmə konsepsiyaları daim dəyişmişdir. Müxtəlif ölkələrdə fərqli yanaşmalar və müəllimlərə, şagirdlərə fərqli tələblər irəli sürülürdü.

Bəzi ölkələrdə təlimdə geri qalan uşaqlara fiziki cəza tətbiq olunurdu və hələ də bu hal davam etməkdədir. Digər ölkələrdə isə təhsil alan uşaqlara qayğıkeş münasibət göstərilirdi.

Azərbaycanda müasir təhsil sistemi Qərbdə qəbul edilmiş istiqamətləri əks etdirir. Dünya daha da qloballaşır və onun norma tələblərinə uyğunlaşmaq lazım gəlir.

Təəssüf ki, bu müasir təhsil sistemi mükəmməl deyil. Uşaqların təhsillənmə səviyyəsi aşağı düşməkdədir, onların dünyagörüşü dar, davranışı və təfəkkürü qeyri-müstəqildir, bəzi hallarda uşaqların yaradıcı qabiliyyətlərinin inkişafına şərait yaradılmır.

Bu mənfi faktorlar ortalama prinsipi, orta səviyyəli şagirdə istiqamətlənmə ilə əlaqəlidir. Lakin bütün uşaqlar fərqlidir axı! Müasir təhsil sistemi uşaqların intellektinə istiqamətlənmişdir, onların mənəvi-əxlaqi tərbiyəsi və inkişafı isə diqqətdən kənarda qalır.

Humanist pedaqogikanın prinsipləri ilə məşğul olan Mərkəzimiz təhsilə tamamilə fərqli yanaşır. Burda söhbət məhz mənəviyyatdan, şagirdin şəxsi inkişafından, onun yaradıcı potensialının aşkar edilməsindən gedir. Savad və elmi biliklərə yiyələnməklə yanaşı, uşaqlarda ictimai münasibətlər, ətrafdakı insanlar, öz ölkəsi haqqında düzgün anlayışları formalaşdırmaq lazımdır. Müstəqil düşünməyi bacaran, öz fərdi əqli imkanlarını və qabiliyyətlərini tam açıqlamış uşaqlar ictimai baxımdan daha fəaldır və ölkəsinin gələcəyinə uğurlu töhfə verməyə qadirdir. Bu bacarıqlar indiki durumda böyük əhəmiyyət kəsb edir.

Mərkəzimiz Azərbaycan Təhsil Nazirliyi ilə yanaşı, humanist pedaqogikanın prinsiplərini təbliğ edən və uyğun təhsil metodikalarını yaradan beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Burda, təbii ki, söhbət akademik Ş.A. Amonaşvilinin humanist pedaqogika məktəbindən gedir.

Humanist pedaqogika uşaqları digər mədəniyyətlərə, ənənələrə və dinlərə hörmət etməyi və onları anlamağı öyrədir, bu da Azərbaycanın dövlət siyasətinin bir hissəsi olan multikulturalizm və tolerantlıq konsepsiyalarına uyğundur.

Bu saytda bizim fəaliyyətimizlə, humanist pedaqogikanın ideyaları, onun tarixi və uşaqların tərbiyəsi və təhsili ilə bağlı digər vacib məsələlərlə yaxından tanış ola bilərsiniz.