Əsl müəllim olmaq üçün 8 şərt – Şalva Amonaşvilinin təqdimatında

7-ci sinfə qədər zəif qiymətlərlə oxuyan Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Amonaşvili məktəbi qızıl medalla bitirib.

Təhsilə münasibətinisə uşaqlara maraq və hörmətlə yanaşan yeni gürcü dili müəllimi dəyişib. Amonaşavilinin hazırladığı humanist pedaqogikanın əsas anlayışı uşaq şəxsiyyətidir.

Parafraz Sona Şükürovanın təqdimatında pedaqoqun “Müəllim necə olmalıdır?” mövzusunda ən vacib tezislərini təqdim edir.

1. Öyrədən yox, fasilitator (bələdçi – tərc.) olmaq

Müəllimin vəzifəsi kömək etmək, yol göstərməkdir. O, şagirdlə dostlaşmalı, sevməli, hörmətini qazanmalıdır. Sadəcə informasiya verməməli, təmkinlə fikrini çatdırmalı, şagirdlərin fikrini dinləməlidir. Şagirdə inamsızlıq, “çubuqsuz” öyrənə bilməyəcəyini düşünmək olduqca təhlükəlidir. Müəllim belə hallarda səbəb olmadan şagirdlərə qışqırır, müxtəlif cəzalarla təhdid edir. Lakin öyrənmənin səmərəli nəticəsi üçün hər uşaq müəllimin ona yaxşılıq arzuladığını, olduğu kimi qəbul etdiyini hiss etməlidir.

2. Uşaqlar sevgiyə sevgi, qəddarlığa qəddarlıqla cavab verir

Tərbiyənin təməlində uşaqlara sonsuz məhəbbət dayanır. Avtoritar sistemdə müəllim uşağı qəlbən sevsə də, şagirdi ələ almağı – öyrənməyə, özünü yaxşı aparmağa məcbur etməyi, ciddiyyətlə tələb etməyi borc sayır. Daha çoxsa yalnız sonsuz ev tapşırıqlarından, lövhə qarşısına çıxarmaqdan, yoxlama işlərindən ibarət olmayan öyrənmə prosesinə az da olsa ürəyini qoymağa çalışmır. Müəllimlər şagird üzərində hökm etməyi daha çox sevdikcə şagirdlər də müvafiq olaraq üsyanla qarşılıq verirlər.

Müəllimin şagirdlərlə sərt davranmasının səbəbi heç də həmişə qəzəb deyil. Bununla yaxşılıq etdiyini düşünür. Lakin uşağı sevmək ilk növbədə onu başa düşmək, onunla maraqlanmaq, şəxsiyyətinə hörmətlə yanaşmaqdır. Şagird sevginin qarşılığında müəllimə biliyilə sevindirmək və davamsızlıqla təəssüfləndirməmək şəklində ifadə olunan sevgi bəsləyir. Belə müəllimlərin sinfində şagird köçürməkdən, yalan danışmaqdan utanır.

3. Cəzanın mahiyyəti şagirddən qisas almaqda deyil

Cəzalar avtoritar şəkildə tədbiq edilməməlidir. Belə hallarda şagird cəzanı qəbullanmır, onu ədalətsiz hesab edir. Cəza tərbiyə üsulu deyil. Təsiri müəllimin nə qədər sevimli, hörmətli olmasından asılıdır. Cəzanın məqsədi ictimai ədalətin bərpasında, yaxud müəllimin intiqamının alınmasında deyil, uşaqda uğursuzluqdan yaranan kədər hissinin formalaşmasındadır. Uşaq sevdiyi insanı incitdiyi üçün təəssüf hissi keçirir, onun gözləntisini, inamını doğrultmaq qərarına gəlir.

4. Qiymət yazmaqla qiymətləndirmək ayrı-ayrı şeylərdir

Qiymətləndirmə yalnız rəqəmlə deyil, sözlə də ifadə edilməlidir. Məsələn, “afərin”. “5” qiyməti ilə fəxr edən şagird eynilə evdə “Müəllim mənə afərin dedi” deyib fərəhlənəcək. Uşaqları pis qiymətə görə danlayır, əla qiymətlərə görə tərifləyirlər. Bu reaksiyalar formal, birmənalıdır. Rəqəmlər şagirdi, öyrənmə prosesini və valideynlərilə münasibəti korlayır.

Qiymət münasibətdir . Müəllimin şagirdə olan münasibəti. Yəni necə suallar verir , səhvləri necə göstərir, inkişafı necə izləyir… Hörmət və diqqətin köməyilə pedaqoq uşağı sadəcə standartlara uyğunlaşmağı öyrətmir, həmçinin şəxsi keyfiyyətlərini inkişaf etdirir. Əgər şagird tapşırığı başa düşməyib öz bildiyi kimi həll edibsə onu rəqəmlə qiymətləndirmək çətindir. Bunun əvəzində müəllim “Sən necə də maraqlı yazırsan. Bəlkə başqa cür yoxlayasan?” deyə bilər.

5. Müəllim tez-tez cavabını bilmədiyi suallar verməlidir

Müəllimin dərsdə verdiyi suallar digərlərindən onunla fərqlənir ki, artıq cavabı bilir. Bu, şagirdlərə bəllidir. Bizə konkret cavabı olan suallar verildikdə tələdə hiss edirik. Eyni hissi şagirdlər də keçirirlər. Onlar üçün müəllimin hər sualı düşməməli olduqları pedaqoji tələdir. Nəticədə sualın məqsədi ətrafında düşünməkdənsə, müəllimin gözlədiyi cavabı tapmağa çalışırlar. Tez-tez şagirdlərə əvvəlcədən müəyyənləşdirilmiş düzgün cavabı olmayan suallar vermək lazımdır. Müəllim iki dəfə ikinin neçə etdiyini bilir, lakin şagirdin vurma cədvəlini əzbərləməkdə çətinlik çəkməsinin səbəbini, nə ilə maraqlandığını, nəyi xoşladığını və öyrənmək üçün necə motivasiya olduğunu bilmir.

6. Tələbkarlıq müəllimə kömək edir, şagirdə mane olur

Avtoritar pedaqoji fəaliyyətdə tələbkarlıq cəza üçün xəbərdarlıq vasitəsidir. Müəllim tələb edir ki, uşaq qətiyyətlə öyrənsin, qaydaları pozmasın. O deyir: “Bunu sabah yenidən yaz”, başqa sözlə “Əks halda özündən küs” mesajını verir. Tələbin tonu amiranə, məcburidir. Bu, şagirdin yox, müəllimin problemini həll edən pedaqoji alətdir.

Əgər müəllimi sinifdəki sakitlikdən daha çox şagirdin sabahı maraqlandırırsa, tələbi uşağın gələcəyi barədə narahatlıqda ifadə olunur. Belə halda tələbat öz mahiyyətini, tonunu dəyişmiş olur. Bu tələbdə uşağın uğuruna inam, ümid səslənir, onu çalışmağa, inkişaf etməyə səsləyir.

7. Uşağın həyatı dərslərdə ilişib qalmamalıdır

Dərslər məktəb həyatı üçün bazadır. Lakin şagirdlər məktəbə yalnız bunun üçün yox, şən dəyişikliklər, dostlarla görüş, müəllimlərlə söhbət, maraqlı dərsdənkənar işlər üçün gəlirlər. Məktəb həyatı bir neçə gündəlik dərsdən, dərssə parta arxasında əyləşməkdən daha artıqdır. Uşaqlar təəssüratlarını, yaşadıqlarını məktəbin həyətində qoyub təmiz, strelizə oxumaq istəyi ilə gələ bilmirlər.

Əgər şagirdin özüylə məktəbə gətirəcək qədər təsəvvürünü zəbt edən oyuncağı əlindən alınsa, heç də daha diqqətli olmayacaq. Kədərləndiyi üçün daha diqqətsiz olacaq, yalnız oyuncağının sonrakı taleyi haqqında düşünəcək.

8. Yaxşı müəllim uşaq səs-küyünü (”jriamuli”) sevəndir.

“Jriamuli” quşların cəh-cəhi, yaxud uşaq səsi kimi şən səsləri ifadə edən gürcü sözüdür. Digər adi səslərdən sevinc və həyat dolu olmasıyla fərqlənir. Pedaqoji duyuma sahib olmaq məktəbi əhatə edən bu səsdə müxtəlif məqamları fərqləndirmək, sevmək deməkdir.

Tərcümə: Sona ŞÜKÜROVA