Müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili ilə unudulmaz görüşlər

21-25 dekabr 2016-cı il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci və Respublika Humanist Pedaqogika Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində Rusiya Elmlər Akademiyasının Akademiki, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin Fəxri Prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili ilə Humanist Pedaqogika üzrə “Təhsildə mənəvi — əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” adlı II Beynəlxalq konfrans və seminarlar keçirilmişdir.

Tədbirdə Azərbaycan, Latviya, Litva, Rusiya, Qazağıstan və Gürcüstanın tanınmış alim və pedaqoqları, bir sıra millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, aparıcı mütəxəssisləri və təhsil ekspertləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə ADPU-nun rektoru, professor Cəfər Cəfərov giriş sözü ilə açaraq konfrans-seminar iştirakçılarını və qonaqları salamlamış və qeyd etmişdir ki, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu tədbir pedaqoji ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

5 gün davam edən beynəlxalq konfrans və seminarlarda novator pedaqoq Şalva Aleksandroviç Amonaşvili öz təcrübəsini və uşaqlara olan dərin və təkrarolunmaz sevgisini, biliyini, cəlbedici və virtuoz formada dinləyicilərlə bölüşmüşdür.

Konfransın açılışından sonra yaradıcılıq laboratoriyalarında Rusiya, Azərbaycan, Latviya, Çeçenistan, Gürcüstan, Qazağıstan respublikalarından dəvət olunmuş tanınmış pedaqoq və psixoloqlar, ustad dərsləri keçmişlər. Həmin konfrans və seminarlarda ADPU-nun Şəki filialından dos.Nuralı Çələbiyev, dos,Camal Arıxov, b/m.Vaqif İsmayılov iştirak etmişlər. Dos. Nuralı Çələbiyev “Müəllimlər cəmiyyətdə işığın-ziyanın qoruyucusu və daşıyıcısıdır” adlı yaradıcılıq laboratoriyasında çıxış etmişdir. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Bu möhtəşəm konfrans və seminarlar pedaqoji ictimaiyyətin dərin marağına səbəb olmuş və iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

www.sheki-ami.az