Mətanət Abdullayevanın «MULTIKULTURALIZM VƏ TƏHSIL» məqaləsi

Şəxsiyyət və cəmiyyət qarşılıqlı münasibətlərinin yüksək inkişaf səviyyəsinə nail olunması, hər şeydən əvvəl, təhsilin keyfiyyəti ilə bağlıdır. Multikulturalizmin prinsip və müddəaları həyatın bütün sahələri ilə bərabər, təhsil sahəsinə də nüfuz edir. Multikulturalizmin təhsilə proyeksiyası humanist pedaqogikanın aktuallığını yüksəldir. Bu gün humanist pedaqogikanın qarşısında duran mühüm vəzifələrdən biri məhz bu məsələdir – şəxsiyyət və cəmiyyət.

Humanist pedaqogika müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanmasında yalnız professional keyfiyyət və bacarıqların öyrədilməsini nəzərdə tutmur. O, kainat üçün, həyat üçün və dövlət üçün qiymətli ola biləcək vətəndaşların — yüksək əxlaqi-ruhi inkişafa və yaradıcılıq imkanlarına nail olan, müasir multikulturalizm şəraitində hər cür kommunikasiyalara, ünsiyyətə hazır olan insanların yetişdirilməsini nəzərdə tutur. Şəxsiyyətin unikal bütövlüyünü nəzərdə tutan humanist pedaqogikanın məğzində duran ideya – həyatın müxtəlif sahələrində yaradıcılıq qabiliyyətlərini aça bilən, yüksək mənəvi-ruhi keyfiyyətlərə sahib olan azad məfkurəli insan yetişdirməkdir. Belə şəxsiyyətlər həm fərdi həyatlarında, həm də cəmiyyət həyatında vicdanlı, dürüst, elmli və bacarıqlı olmaqla bərabər, yüksək mənəviyyatlı vətəndaş olurlar. Komenski, Pestalotsi, Uşinski, Makarenko, Suxomlinski kimi görkəmli pedaqoqların ideyalarına əsaslanan humanist pedaqogikanın diqqət mərkəzində duran məsələ — şəxiyyətin bütövlüyü problemidir. Uşaqlar artıq məktəb təhsilində özlərinə şəxsiyyət kimi dəyər verməyi bacararlarsa, öz potensiallarını – həyatın müxtəlif sahələrində və situasiyalarında daxili imkanlarını aktivləşdirməyin zəruru olduğunu anlaya bilər və belə məsuliyyətdən qaçmazlar.

Multikultur cəmiyyətin inkişafı üçün vacib şərt odur ki, hər bir cəmiyyət üzvü yalnız öz mədəni mühiti çərçivəsində deyil, mədəniyyətlərarası müstəvidə də ünsiyyət qurmağı və fəaliyyət göstərməyi bacarsın. Bunun üçün kommunikasiya vasitəsi kimi çıxış edən xarici dili bilmək hələ kifayət deyil, burada “yad” mədəniyyəti, “yad” psixologiyanı, “yad” mənəvi dəyərləri ifadə edən dünyagörüşü anlamaq və qəbul etmək bacarığına sahib olmaq gərəkdir. Belə pedaqoji yanaşma tərzi – multikultur təlim-tərbiyə artıq məktəb təhsilində özünü göstərməlidir. Məhz multikultur təhsil bütün millətlər, bütün etnoslar üçün özlərinin mədəni ehtiyaclarını realizə etmək, dünya mədəniyyəti və təhsili ilə mübadiləyə girmək, dialoq yaratmaq imkanlarını açır. Sufi mütəfəkkiri, musiqiçi və pedaqoq Həzrət İnayət Xan yazır:”Dünyanın düzəlməsi gələcək nəslin tərbiyəsindən çox asılıdır. Uşaq ümumqardaşlıq idealı ilə ilk dəfə evdə tanış olmalıdır. Bu o demək deyil ki, o, ümumbəşəri qardaşlığı ailəsindəki bacı və qardaşları ilə qurduğu münasibətlərdən əvvəl dərk etməlidir, yox, amma evdəki münasibətlər ümumqardaşlıq münasibətlərinin ilk dərsi olmalıdır və bu yolla o, millətin, irqin və nəhayət, dünyanın birliyini anlaya bilər. Uşağın «bütün dünya bir ailədir» ideyasına gəlib çatması üçün əvvəlcə ona yaşadığı şəhəri bir ailə kimi çəkməyi öyrətmək lazımdır, sonra mənsub olduğu milləti ailəsi kimi çəkməyi, daha sonra bütün qitəni ailəsi kimi çəkməyi öyrətmək lazımdır”. İnayət Xanın ümmbəşəri dəyərlərin dərk olunmasında uşaqların yaradıcı təxəyyülündən istifadə etmək metodu, bütövlükdə, insanın unikal imkanlarının açılması istiqamətində görülən işdir.

Multikultur təhsil insanın unikal imkanlarını açmağa və dərk etməyə əlverişli şərait yaradır. İnsanın “unikal imkanları” nədir? “İmkan”nın sərhədləri çox genişdir, “imkan” sonsuz sayda bacarıqları özündə ehtiva edir. Ona görə də insanın bacarığı və insanın imkanları əksər hallarda üst-üstə düşmür, çox zaman insanlar öz imkanlarından xəbərsiz yaşayırlar, yaxşı halda, bacarıqlarının müəyyən hissəsini realizə edə bilirlər. Səbəbi isə odur ki, insanlar, əsasən, həyata fraqmentar baxırlar. Humanist pedaqogika avtoritar pedaqoji ənənədən fərqli olaraq, şagirdlərə “bacarıq” prizmasından yox, “imkan” prizmasından yanaşır. Hər kəs özünə və özünün həyatına ayrıca, sərhədləri müəyyənlışdirilmiş fraqment, lokal fenomen kimi baxdığına görə özünün kainatla, həyatının isə ümumi həyatla birliyini, vəhdətini nə görə, nə də duya bilir. Bu səbəbdəndir ki, bu gün insanların, millətlərin, dövlətlərin qarşılıqlı ittihamları, bir-birinə inamsızlığı dərinləşib, biz insanlar qəddarlıq və zorakılıq alovuna “yağ tökərək” Yer kürəsinin abadlığını, rifahını təhlükəyə atmışıq. Nə qədər ki mənəviyyatımızın ilahi mənşəyini yada salmayacağıq, Yer planetinin təhlükədən xilası mümkün olmayacaq. Müasir sivilizasiyaya heyran olan və sosial reformator fəxri adlarını daşyan materialist yönümlü insanlar aldadıcı zahiri dəbdəbəyə uyaraq ilahi məqsədi unudurlar. İlahi məqsəd geniş kateqoriyalarla düşünməyi, maddi ilə mənəvinin birliyinə nail olmağı, total həyat konsepsiyasını, dini terminologiya ilə deək, tövhidi anlamağı nəzərdə tutur. Yalnız belə birlik şəraitində hər insan fərdiyyətçilik xəstəliyindən, eqoizmdən sağala bilər, şəxsi həyatı ilə ictimai həyatını vicdanla uzlaşdırar. Belə olan halda şəxsiyyətlə cəmiyyət arasında dərin bağlantı və ahəngdarlıq yaranar.

Kvant mexanikasının yaradıcılarından biri, fizika üzrə Nobel Mükafatı laureatı Verner Karl Heyzenberq (1901-19976) deyir ki, dünyanıdərk bardağından içilən ilk qurtum insanı ateist edir, Allah isə bardağın dibində gözləməkdədir. Humanist pedaqogikada təhsil prinsipləri şaquli istiqamətdə — dərin qatlarda düşünməyi öyrədir, yəni “bardağın dibinə enməyi”. Müasir humanist pedaqogikanın banisi akademik Ş.A.Amonaşvili “Müəllim, məni yaradıcılığa ruhlandır!” adlı kitabında humanist pedaqogikanın uşaqların təfəkkür və təxəyyül qabiliyyətlərinin açılmasına, dərin səviyyələrdə düşünmələrinə, uşaqların daha nələrə qabil olmalarına dair şagirdin müəlliminə müraciəti formasında maraqlı nümunə verir:”Müəllim, məni yaradıcılığa ruhlandır! Kim bu səssiz səsi eşitmir? Bu, artıq əsrlərdir ki, təhsil səhrasında şagirdin cavabsız qalan çağırışıdır: Əziz müəllimim, məni işıqlı yaradıcılığa ruhlandır! Dostluğa və sədaqətə, vəzifə borcuna və xidmətə, qarşılıqlı anlaşmaya və vəhdətə ruhlandır. Ədalətə və xeyirxahlığa, idrakın genişliyinə və yaradılışı dərk etməyə ruhlandır məni. İmanı anlamağa və özümü dərk etməyə, həyatın mənasını və özümün həyatdakı təyinatımı axtarmağa ruhlandır məni. Kosmosa aidliyimi, insan ruhunun qüdrətini anlamaqda mənə kömək et. Müəllim, məni öz içimdə Ruhi İnsan, Alicənab və Nəcib İnsan yaratmağa ruhlandır”. Belə bir formada böyük pedaqoqun müəllim adını daşıyan bütün insanlara müraciıtidir, çağırışıdır. Hər bir müəllim təlim-tərbiyə prosesinin keyfiyyətini ən optumal səviyyəyə qaldırmalıdır. Optimal səviyyə mltikultur təhsilin tələbidir. Ş.A.Amonaşvili deyir ki, təbiət qanunları və Kainatın sirləri haqqında müasir biliklərin mənəviyyatsız, rəhmsiz insana verilməsi cəmiyyət üçün təhlükəlidir. Müasir texnologiyalar mənəviyyatsızların əlində təhlükəli alətdir. Ona görə də uşaqların təlim- tərbiyəsində mənəviyyat məsələsi, bədənlə ruhun vahid tərbiyəsi ön planda durmalıdır. Uşaqlar fiziki aləmin və ilahi aləmin qanunlarına yiyələnməlidirlər.

İlahi məqsəd humanist pedaqogikanın ana sütununu təşkil edir. Təhsil gərək ağlın inkişaf etdirilməsinə, insansevərlik hissinin, hər cür pozitiv emosional-psixoloji halların inkişaf etdirilməsinə yönəldilsin. Belə yönəldilmə, sadəcə, qanunlar şəklində təlqin edilməməlidir, onun dəyəri uşaqların daxili potensialının, hiss və duyğularının ayıldılması formasında olmasındadır, uşaq öz mənəvi dünyasına nüfuz etməyi (refleksiya), daxili “göz”ü ilə özünə baxmağı öyrənməlidir. Bütövlükdə, təhsil prosesi “boş torbanın doldurulması” prosesinə bənzəməməlidir, çünki təlim-tərbiyə uşağın başının doldurulması deyildir, uşağın ürəyi “təmizlənməli, genişlənməli və işıqlanmalıdır”. Humanist pedaqogikanın klassiklərinin təhsildə görmək istədikləri vacib məqam məhz budur. Analitik psixologiyanın görkəmli nümayəndəsi Karl Qustav Yunq insanın formalaşmasında refleksiyaya önəm verərək deyir ki, ürəyin biliyini kitablardan və müəllimlərin danışığından əldə etmək olmaz; o, qara torpaqda cücərib boy atan toxum kimi bizim içərimizdə yetişir. Təhsilin məqsədi nəticə olaraq işləyib pul qazanmaq yox, təhsilin məqsədi həyatın özü olmalıdır. İnsan biliyinin sonsuz inkişafına inanan filosof, şair Seneka (e.ə.4 – b.e. 65) demişdir:”Əfsuslar olsun ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”. Görkəmli pedaqoqlar deyirlər ki, bilik müdrikliyə, müdrikliksə insanın xasiyyətinə çevrilməyincə təhsil dəyərsiz proses hesab olunur. Yox, əgər təhsil transformasiyaedici xüsusiyyət daşıyarsa, belə təhsil sayəsində həyatda sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq ən yüksək səviyyədə bərqərar olar. Təhsilə multikultur yanaşma insanların müxtəlif etnik mədəniyyətlərə yiyələnməsi, tolerantlıq, fərqli şəraitlərə adaptasiya, dialoqa girmək bacarığı yaradırsa, digər tərəfdən, uşaqların özlərini tanımalarına, həyata pozitiv köklənmələrinə, fərqlər axtarmaqdansa hər şeydə oxşarlıqlar görməyə istiqamətlənməyə kömək edir. Deməli, düzgün qurulmuş təhsil sistemi dünyada sülhün bərqərar olmasının rəhnidir. Multikulturalizmin həyatda, sözün həqiqi mənasında, uğurla və keyfiyyətlə addımlaması məhz təhsilin insanı transformasiyaedici xüsusiyyəti ilə bağlıdır, yəni humanist pedaqogikanın prinsipləri ilə. Böyük pedaqoqların təhsildən gözlədikləri əsas nəticə isə insanın azadlığı məsələsi idi; “həqiqi təhsil insanı azad insan edir – tamahdan, kin-küdurətdən və digər eqoistik impulslardan”. Belə azadlıq K.Q.Yunqun söylədiyi kimi, insanın daxilindəki mərifət toxumundan cücərir. Şərq əxlaqında mərifət insanın azadlıq əldə etməsi, qəflət yuxusundan ayılması, kamilləşməsi yolunun qayəsini təşkil edirdi. Bəşəriyyətin böyük müəllimləri sırasında duran dahi Nəsiminin insanlara xitabı belə səslənir:

Ey özündən bixəbər qafil, oyan!
Həqdən olma yadü həm batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!

Hər mədəniyyət gözəldir, mədəniyyətlərin dialoqu daha gözəl; hər xalq möhtəşəmdir, xalqların birliyi daha məhtəşəm; bir dövlətin, bir millətin əmin-amanlığı və rifahı vacibdir, Yer planetinin və onu məskunlaşdıran bütün millətlərin rifahı, sülh şəraitində yaşayıb yaratması və çiçəklənməsi zəruridir, möhtəşəmdir və gözəldir! Təhsilə multikultur yanaşma,humanist pedaqogika insanların müxtəlif etnik mədəniyyətlərə yiyələnməsi, tolerantlıq, fərqli şəraitlərə adaptasiya, dialoqa girmək bacarığı yaratmaqla bərabər, fərdlərin özlərini tanımalarına, həyata pozitiv köklənmələrinə, fraqmentar düşüncə sahibi olmaqdansa, total zəkaya sahib olmağın üstünlüklərini anlamağa kömək edir.

Ədəbiyyat:

1. Палаткина Г.В. Мультикультурное образование: современный подход к воспитанию на народных традициях //Педагогика. 2002. № 5. С. 41-47.

2. Шри Сатья Саи Баба. Образование для жизни//Жизнь, смерть и освобождение. Москва. 2007. С.132 – 147.

3. Амонашвили Ш.А. Учитель, вдохнови меня на творчество. Москва, 2011.

4. Хазрат Инайят Хан. Обучение детей//Очищение ума.Москва,2000.с177-199 5. Агатаева Б.Б. Мультикультурное образование. https://ru.wikipedia.org/wiki

6. Ефремов А. Педагогические условия влияния культурной среды вуза на формирование нравственных ценностей студентов :В контексте мультикультурного образования. Научная библиотека диссертаций и авторефератов http://www.dissercat.com/content/pedagogicheskie-usloviya-vliyaniya-kulturnoi-sredy-vuza-na-formirovanie-nravstvennykh-tsenno#ixzz44HWBKBQq

Mətanət Abdullayeva
BDU Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, fəlsəfə üzrə elmlər doktoru